Azərbaycan Prezidenti “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nı təsdiq edib

Azərbaycan Prezidenti milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini [...]
Dekabr 6, 2016
Azərbaycan Prezidenti ölkəmizə turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər [...]
Fevral 27, 2017

Azərbaycan Respublikası Prezidenti 2017-ci il fevralın 20-də “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda göstərilir ki, “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq edilsin.

Sənəddə dövlətimizin başçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə aşağıdakı məsələləri həll etməyi tapşırıb:

– Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

– bu Fərmanla təsdiq edilmiş Qaydanın 5.4-cü bəndinə əsasən, elektron vergi hesab-fakturasının vahid formasını on beş gün müddətində təsdiq etmək;

– mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək.

Fərmanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşrılıb.

Ölkə başçısı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə:

– bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.0.10-cu yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəyini nəzərə almaqla və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla on beş gün müddətində müəyyən etmək;

– ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə həmin Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun vergi orqanının və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını ilk ticarət festivalından əvvəl vergi orqanlarının büdcədənkənar fondu hesabına təmin etmək;

– vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etmək;

– risklərin azaldılması və əlavə dəyər vergisinin qaytarılması ilə bağlı prosedurların asanlaşdırılması məqsədilə malların fiziki yoxlanmasının həmin Qaydanın tələblərinə uyğun olaraq risk qiymətləndirmə sistemi əsasında həyata keçirilməsini təmin etmək tapşırığı verib.

 

Sənədə əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə:

– ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini, o cümlədən kütləvi informasiya vasitələrində və sistemə qoşulacaq ticarət obyektlərində videoçarxların yayımlanmasını təmin etməli;

– bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.0.5-ci yarımbəndində nəzərdə tutulan stikerin formasını və tətbiqi qaydasını müəyyən etməli;

– festivalların yüksək səviyyədə keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin ticarət festivallarında əlavə dəyər vergisinin qaytarılması prosesində iştirak edən əməkdaşlarına təlimlər keçilməsini və onların maarifləndirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə:

– ticarət festivalları dövründə alıcı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etməli;

– həmin Qaydanın 6.10-cu bəndində nəzərdə tutulan rəyin formasını Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməki;

– həmin Qaydanın məqsədləri üçün müvəkkil banka avans şəklində köçürüləcək minimum məbləği iki ay müddətində müəyyən edib, həmin məbləğin bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsini təmin etməlidir.

Fərmanın sonuncu bəndində bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılır ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlarına kömək göstərilməsini təmin etsinlər.