Bu gün turizm sənayesi Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet istiqamətlərindən biridir. Bu sahənin inkişafının davamlılığını təmin etmək məqsədilə mühüm proqram və layihələr icra olunur, qanunvericilik təkmilləşdirilir, dövlətin dəstəyi ilə müvafiq infrastruktur yaradılır. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam sektorun gələcək inkişafı üçün yeni bir mərhələ açır. Sərəncama uyğun olaraq həyata keçiriləcək tədbirlərdən biri də paytaxt Bakıda şopinq festivallarının (“shopping festival”) təşkilidir.

Dünya Turizm Təşkilatının (DTT) rəyinə əsasən ticarət turizmi son 10 ildə sürətli inkişaf mərhələsini yaşayır. Turizmin bu istiqamətinin inkişafından bacarıqla istifadə edərək bir sıra ölkələr özlərini ticarət turizmi kimi təbliğ edirlər. Ticarət turistlərin xərcləri sırasında əsas kateqoriyaya çevrilir, nəticə etibarilə isə birbaşa və iqtisadiyyatın digər sektorları ilə əlaqədə olaraq milli iqtisadiyatın vacib gəlir mənbəyinə çevrilir. Aparılan təhlillərə görə alış-veriş bu gün dünyada turistlərin üstünlük verdikləri xərclər sırasında 4-cü pillədədir və ümumi turizm fəaliyyətinin 35%-ni təşkil edir.

Bu il Azərbaycanda növbəti Bakı Şopinq Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək. Müvafiq sərəncama və prezidentin ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsindəki ticarət festivallarının keçirilməsi üzrə qoyulmuş tapşırığına əsasən, festivalın hər il təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Azərbaycan Konqreslər Bürosuna həvalə olunub.

Bakı Şopinq Festivalı xarici turistlərlə yanaşı yerli istehlakçılar üçün də əlverişli alış-veriş və müxtəlif maraqlı əyləncə imkanları təqdim edəcək. Geniş miqyasda təbliğ edilən belə bir tədbirin Bakıda keçirilməsi ölkəyə gələn turistlərin sayını artıracaq, turizm, qonaqlama, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan verəcək. Ticarətin daha intensiv çalışması ilə yanaşı festivallar adətən müxtəlif əyləncə xarakterli tədbirlərlə də müşayiət olunur. Konsertlər, premyeralar və moda nümayişləri kimi xüsusi tədbirlər festivalların əsl bayrama çevrilməsi üçün şərait yaradır.

Hazırda ticarət turizminin dünya miqyasında trendə çevrilməsi Azərbaycanın turizm imicini beynəlxalq turizm bazarında daha da möhkəmləndirəcək, turizm məhsullarının diversifikasiyası və yeni rəqabətə dözümlü turizm xidmətlərinin tətbiqinə gətirib çıxaracaq.