Azərbaycan – Yeni Turizm İstiqaməti

Zəngin tarixə, mədəni və təbii irsə malik Azərbaycan dünyanın hər yerindən olan turistləri özünə cəlb edir. Füsunkar təbiət, mineral və termal su qaynaqları, müalicəvi xassəsinə görə dünyada yeganə olan Naftalan nefti, qədim memarlıq abidələri, çoxşaxəli mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin – işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır.

Dünyadakı mövcud 11 iqlim tipindən 9-nun ölkəmizin ərazisində olması yay və qış istirahəti üçün əlverişlidir. Azərbaycana ekoloji turların təşkili də çox geniş yayılıb. Bu sıraya təbii qoruqlara gedilməsi, trekkinq və alpinist marşrutları daxildir. Xəzər dənizinin sahilində yerləşən paytaxt Bakının çimərlikləri isə dayvinq üçün çox münasibdir. Burada dəniz mövsümü əsasən iyun ayından etibarən başlanır. Bir sözlə, Azərbaycanda turizm sahəsi iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən birinə çevrilməkdədir.

Azərbaycana gələn turistlərin sayının ilbəil artması müşahidə edilir. Viza prosedurunun sadələşdirilməsi nəticəsində 2016-cı ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 2 300 000 nəfərə yaxın olub, bu isə 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur.

Hazırda paytaxtda və bölgələrdə qonaqlara yüksək səviyyədə xidmət göstərən 560 otel fəaliyyət göstərir. Dünyanın bir çox məşhur brend otellərinin Azərbaycanda filialları var. Onların arasında “Four Seasons Hotel Baku”, “Hyatt Regency”, “JW Marriott Absheron Baku Hotel”, “Grand Hotel Europe” və “Hilton Baku” otellərinin adlarını çəkmək olar.

Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. “Qafqaz” mehmanxanalar şəbəkəsi, Qəbələ şəhərindəki “Gabaland” attraksionlar parkı, Qusardakı möhtəşəm “Şahdağ” qış-yay turist kompleksi, eləcə də 15-dən çox Olimpiya idman kompleksi həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malikdir.

Bundan başqa, ölkəmizdə müalicə turizmi ilə bağlı böyük işlər görülüb. Naftalan və Qalaaltı müalicə turizm kompleksləri ən yüksək standartlara cavab verir.

Turizmin inkişafı istiqamətində əldə edilən nəticələr, ölkəmizə gələn turistlərin sayının artması bu istiqamətdə dövlət və özəl sektorun apardığı birgə siyasətin öz səmərəsini verdiyini göstərir.