Azərbaycan – heyrətamiz ölkə

Azərbaycan çoxəsrlik tarixi, mədəniyyəti, adət və ənənələri olan heyrətamiz bir ölkədir. Min illər ərzində onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır.

Ölkəmiz bəşəriyyətə Nizami Gəncəvi, Nəsimi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun kimi sənətkarların əsərlərini, Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov kimi istedadlı fırça ustalarının əl işlərini bəxş edib. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov kimi görkəmli bəstəkarlar, ecazkar səsə malik olan Bülbül, Rəşid Behbudov və başqa müğənnilər isə zəngin musiqi folklorundan bəhrələniblər.
Azərbaycan xalçaları da azərbaycanlıların adətləri, ənənələri və inanclarının ayrılmaz hissəsi olub. Hazırda dünyanın bir sıra ölkələrinin muzeylərində Azərbaycan xalçaçılıq məktəbinin nümunələrinə rast gəlmək olar.

Azərbaycan elmi və maarifinin çoxəsrlik tarixi var. 1919-cu ildə Bakı Dövlət Universitetinin açılması, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi Azərbaycan xalqının ictimai şüurunda unudulmaz mərhələlərdir. Onlarla ali məktəb və texnikum, minlərlə məktəb, kollec və lisey, çoxsaylı dini məktəblər Azərbaycanın müasir təhsil sisteminin fenomenləridir.

Sənayeləşdirmə fəlsəfəsinin və praktikasının məhsulu olan Azərbaycan iqtisadiyyatı, haqlı olaraq, millətin qürur yerinə çevrilib. XX əsrin əvvəlində bütün dünyada çıxarılan neftin yarıdan çoxu Bakı neft rayonunun payına düşürdü. Neft sənayesinin sürətli inkişafı Avropanın və Rusiyanın istedadlı memarlarını buraya cəlb edib və Bakıda qotika, barokko, konstruktivizm üslublarında gözoxşayan binalar ucaldılıb. Böyük həcmdə iqtisadi, sosial, mədəni və insan kapitalı Bakının bənzərsiz həyat tərzini yaratmışdır.

Xeyriyyəçilik işini uğurla həyata keçirən Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, İsabəy Hacınski və digər mesenatlar yeni ictimai binalar tikdirib, gimnaziyalar və ibtidai məktəblər açdırıb, milli teatrın, səhiyyə və maarif xidmətlərinin inkişafına, eləcə də istedadlı gəncləri Rusiyanın və Avropanın qabaqcıl universitetlərində təhsil almasına təşəbbüs göstəriblər.

Arxeoloji mədəniyyətlər

Quruçay mədəniyyəti
İbtidai insanların həyatında Azıx mağarasının yaxınlığından axan Quruçay böyük əhəmiyyətə malik olub. Aparılan kompleks tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən edilib. Quruçay mədəniyyətinə aid əmək alətləri Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir.
Qobustan qayaüstü rəsmləri
Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi bu qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşir. Burada çoxsaylı qayaüstü təsvirlər, qayaların altında yerləşən qədim insan məskənləri və kurqan qəbirləri aşkarlanıb. Qobustan dövlət tarixi-bədii qoruğu UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb.

Naxçıvan nekropolu
Naxçıvan nekropolu Naxçıvan şəhərinin şimalında, Naxçıvan-Şahbuz şosse yolunun sol tərəfində yerləşir. Torpaqda qazılan qəbirlər dördkünc formalıdır, burada cüt və kollektiv dəfnlər olub. Arxeoloji materiallara əsasən, nekropol e.ə. XVII-XV əsrlərə aid edilir.

Culfa nekropolu
Culfa nekropolu dəmir yolu çəkilərkən,1939-1940-cı illərdə dağıdılıb. Bu nekropolun materialları hazırda Gürcüstan Dövlət Tarix Мuzeyində saxlanılır. V.H.Əliyev tərəfindən nəşr olunan həmin materiallar e.ə. XIII-IX əsrlərə aid edilir.
Şuşa mağara düşərgəsi
Daş dövründə yaşamış insanların məskəni olub. Şuşa şəhərindən cənubda, Daşaltı çayının sol sahilində yerləşir. Şuşa mağara düşərgəsində aparılan kəşfiyyat qazıntı işləri zamanı paleolit dövrünə aid 4 ədəd daş məmulatı tapılmışdır.
Göytəpə
Urmiya gölünun Qərb sahilində yerləşir. Abidə Manna dovləti dövrunə aid edilir. Arxeoloji qazıntılar zamanı təpədə e.ə. III minillikdən başlayaraq İslam dövrünə kimi uzun bir dövrü əhatə edən səkkiz ardıcıl təbəqə aşkar olunub.

Tarixi döyüşlər

Ərəblər tərəfindən Sasani paytaxtı Ktesifon şəhəri 638-ci ildə mühasirəyə alınanda, Alban hökmdarı Cavanşir 3 minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durub.

Teymur qoşunları Naxçıvanda Əlincə qalasını 1387-ci ildə mühasirəyə alıb. Əlincəlilər 14 il qalanı hücumdan qoruya biliblər. 1401-ci ildə müdafiə rəhbərlərinin arasında olan ixtilaf nəticəsində qala işğal olunub.

1514-cü il avqustun 23-də Maku yaxınlığındakı Çaldıran düzündə Səfəvi-Osmanlı döyüşündə Osmanlı qoşunu qələbə çalıb.

1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şimali Azərbaycana hücum edib. Qarabağı, İrəvanı və Şirvanı hədəf seçən Qacar qoşunu bir sıra qələbələr qazansa da, geri çəkilməyə məcbur olub. İkinci dəfə şah 1797-ci ildə Şimali Azərbaycana hücum edib. Ağa Məhəmməd şah Şuşa şəhərində öldürüldüyünə görə, Qacar qoşunu Azərbaycanı tərk etməyə məcbur olub.

1803-cü ilin payızında Sisyanovun başçılıq etdiyi rus qoşunları Gəncə şəhərinə hücum edib. Cavad xanın başçılığı ilə Gəncə qoşunu rus qoşununa güclü müqavimət göstərib. Daha yaxşı silahlanmış rus qoşunu 1804-cü il yanvarın 3-də Gəncəni işğal edib.

1806-cı ilin yanvarında rus qoşunları Bakı şəhərinə hücum edib. Fevralın 8-də Bakı şəhər darvazasının qarşısında açarları təhvil verərkən Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy güllə ilə Sisyanovu vurub, gecə isə onun başı kəsilərək Təbrizə, Abbas Mirzəyə göndərilib.

Azərbaycanın milli-tarixi faciələri

XIX əsrin əvvəllərində Qacarlar dövləti ilə Rusiya arasında baş vermiş döyüşlərdə Azərbaycan iki hissəyə bölündü. 1813-cü il oktyabrın 13-də bağlanmış Gülüstan müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqlarından başqa şimalda olan Azərbaycan ərazisindəki Gəncə, Qarabağ, Şəki, Lənkəran, Şamaxı, Quba, Dərbənd xanlıqları Rusiyanın tərkibinə qatıldı. 1828-ci il fevralın 10-da bağlanmış Türkmənçay müqaviləsinə görə isə İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə ilhaq edildi. Beləliklə, Azərbaycan torpaqları bölüşdürüldü.

1918-ci il martın 30-dan aprelin 2-dək ermənilər Bakı Sovetinin köməyi ilə Bakıda azərbaycanlılara qarşı soyqırım həyata keçirdilər. 3 gün davam edən qanlı qırğında 12 mindən çox müsəlman öldürüldü.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar verdi. 1948-1953-cü illər ərzində 100 mindən çox azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürüldü.
1990-cı il yanvarın 20-də Sovet Ordu hissələrinin Bakıya hücumu zamanı paytaxtda və respublikanın digər yaşayış məntəqələrində131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüş, xeyli adam həbs olunmuşdu.

1988-1991-ci illərdə Ermənistanın 185 kəndindən, habelə digər yaşayış məntəqələrindən 230 min nəfərədək azərbaycanlı qovuldu, 225 nəfər qətlə yetirildi, 1154 nəfər yaralandı.

1992-ci il fevralın 26-da ermənilər tərəfindən törədilən Xocalı soyqırımında 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 150 nəfər itkin düşüb.

Azərbaycanda qeyd olunan bayramlar

28 may – Respublika günü
28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. 1990-cı ildən isə Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü
1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. Həmin il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bu gün isə Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olub.

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü
1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti ordu yaradılması haqqında qanun qəbul etdi. Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilib.

18 oktyabr – Dövlət Müstəqilliyi günü
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi. 1992-ci ilin mayında Milli Məclis (parlament) Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadındır), bir müddət sonra isə Dövlət bayrağı və üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir edilmiş Dövlət gerbini təsdiq etdi.

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

12 noyabr – Konstitusiya günü
Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. Azərbaycan Respublikası Konstitusiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

17 noyabr – Milli Dirçəliş günü
1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub. 1992-ci ildən bəri noyabrın 17-si Milli Dirçəliş günü kimi qeyd edilir.

31 dekabr – Dünya Azərbaycanlıların Həmrəliyi günü
Dünyanın müxtəlif ölkələrində – İranda, Türkiyədə, Almaniyada, Fransada, Böyük Britaniyada, ABŞ-da, Yaxın Şərq ölkələrində milyonlarla azərbaycanlı yaşayır. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə 31 dekabr rəsmi olaraq Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunub.

Novruz bayramı
Novruz bayramı baharın gəlişi şərəfinə qeyd edilir və yeni ilin qarşılanmasını bildirir. Ənənəyə görə, Novruzun birinci günü bahar, ikinci günü yay, üçüncü günü payız və dördüncü günü qış hesab edilir. Əgər birinci gün hava küləksiz və aydın olsa, deməli, il məhsuldar olacaqdır.

Qurban bayramı
Qurban bayramı müsəlman dünyasında hər il Ramazan ayı bitəndən 70 gün sonra qeyd olunur və adətən üç gün davam edir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək, xeyirxahlıq, paklıq və Allaha inam və sevgidir.

Ramazan bayramı
İslam dünyasının ən müqəddəs günlərindən biri Ramazan bayramıdır. Orucluq ayının başa çatması ilə əlamətdar olan bu bayramda müsəlmanlar bir ay boyunca oruc tutar, ifrata və israfçılığa yol vermədən ehtiyacı olanlar üçün ehsan olaraq iftar süfrələri açarlar. 1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd edilir.

8 mart – Beynəlxalq Qadınlar günü
Beynəlxalq qadınlar gününün bayram edilməsi haqqında qərar bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.

9 may – Faşizm üzərində Qələbə günü
Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb, onlardan təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.