Azərbaycanda Nəqliyyat Sistemi

Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının infrastruktur sahələri olan enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olmaq üçün mühüm rol oynayır.
Respublikamız 1997-ci ildən Avropada yol hərəkətinin ümumi qaydalarını və təhlükəsizlik normalarını müəyyən edən Beynəlxalq Vyana Konvensiyasına qoşulub. Bu baxımdan nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi və inkişafı ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Son illər həm Bakı şəhərində, həm də respublikamızın digər iri şəhərlərində respublika səviyyəsində yolların yenidən qurulması, bərpası və genişləndirilməsi, körpülərin, yol ötürücülərinin, yeraltı keçidlərin, habelə çoxmərtəbəli və yeraltı avtomobil dayanacaqlarının tikilməsi müvəffəqiyyətlə həyata keçirilir.

Photo 1 lower (19)

Avtomobil yolları

Azərbaycan Respublikasının avtomobil yolları Azərbaycan Respublikasında mövcud olan bütün yol şəbəkəsini əhatə edir. 2015-ci ilin məlumatına əsasən, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 19 002 kilometr təşkil edir, onun 4 645 kilometri respublika əhəmiyyətli, 14 357 kilometri yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1463-ə yaxın 50 652 poqon metr uzunluğunda körpülər var. Azərbaycanda son 11 il ərzində çoxlu sayda irihəcmli yol, körpü, qovşaq və digər bu kimi layihələr həyata keçirilib. Tikilən və yenidən qurulan yollar, əsasən beynəlxalq marşrutların tərkib hissəsidir və müasir standartlara cavab verir.
Avtomobil yolları nəqliyyatın bir növü olaraq, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən tənzimlənilir. Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2003-cü il 10 iyun tarixli fərmanı ilə o zamankı Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 24 iyun tarixli 04 nömrəli əmri ilə Nazirliyin tərkibində müvafiq olaraq “Avtonəqliyyatservis” və “Yolnəqliyyatservis” Departamentləri yaradılıb.
Photo 1 lower (3)

Hava limanları

Azərbaycanda xidmət göstərən 6 beynəlxalq hava limanı var. Onlardan ən böyüyü Heydər Əliyev Beynəlxalq Hava limanı Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir və şəhərlə əlaqəsi 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə təmin edilir. “Azərbaycan Hava Yolları” milli bayraq daşıyıcısının qeydiyyat limanıdır. Beynəlxalq hava limanında gömrüksüz ticarət mağazaları (duty free) fəaliyyət göstərir. Bundan başqa, bir çox beynəlxalq hava limanlarından fərqli olaraq, uçuş hissəsində olduğu kimi enmə hissəsində də mağazalar var. Plastik kartlarla ödənişlər qəbul olunur, həmçinin nağd şəkildə Azərbaycan manatı, ABŞ dolları, avro və rus rublu ilə həyata keçirilir.
Heydər Əliyev Beynəlxalq Hava Liman beynəlxalq standartların tələblərinə cavab verir. Bakı şəhərindəki hava limanı coğrafi mövqeyinə görə Şərqlə Qərb və eləcə də Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanına çevrilmişdir.
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər hava limanları Gəncə, Lənkəran, Naxçıvan, Qəbələ və Zaqatala şəhərlərində yerləşir. 2017-ci ildə ölkəmizdə sayca yeddinci beynəlxalq hava limanı olacaq Naftalan aeroportunun təmirinə başlanacaq. Aerport fəaliyyətini bərpa etdikdən sonra beynəlxalq hava limanı statusu alacaq.
ady az

Dəmir yolları

1878-ci ildə Azərbaycanda ilk dəmir yolunun çəkilişinə başlanılıb və 1880-ci ilin 20 yanvar tarixində Azərbaycan Dövlət Dəmir Yolu yaradılıb. Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra xüsusilə sərnişin daşınmasının yüksək səviyyədə təşkili ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Daxili imkanlar hesabına sərnişin vaqonlarının təmirinə başlanılmış və yüksək standartlara cavab verən qatarlar hazırlanaraq istismara verilmişdir. Daxili sərnişin daşımaları üçün ölkəyə 5 yeni elektrik qatarı gətirilmiş, bunun biri Yalama istiqamətində xəttə buraxılmışdır. Bakı kəndlərinə yenidən sürət qatarlarının işləməsi ilə bağlı məsələ də diqqətdə saxlanılır. Heydər Əliyev Beynəlxalq Hava Limanına yeni dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır. Yaxın gələcəkdə Gəncə şəhəri istiqamətində xəttə saatda 100 kilometr məsafə qət edən qatarların buraxılması nəzərdə tutulur. Hazırda dəmir yolu sistemində biletlərin satışı eletron onlayn sistemi ilə həyata keçirilir. İstənilən şəxs internet vasitəsi ilə harada yaşamağından və olmasından asılı olmayaraq istədiyi yerə bileti sifariş edə bilir.
Hazırda Azərbaycan dəmir yolları Bakıdan Tümen, Rostov, Xarkov, Kiyev, Sankt-Peterburq, Moskva, Mahaçqala kimi istiqamətlərə gediş-gəliş həyata keçirir. 2017-ci ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanacağı proqnozlaşdırılır.
tn_az-baku-metro-train-line3

Bakı Metropoliteni

1967-ci il noyabrın 6-da istismara verilmiş Bakı metropoliteni Azərbaycanda yeraltı dəmiryol xətlərini birləşdirən ictimai şəhər sərnişin nəqliyyatı sistemidir.
Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Yaşıl, Qırmızı və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Bu illər ərzində 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.