Azərbaycan mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Xörəkləri dadı və hazırlanması, həmçinin tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır. Məhz Azərbaycan mətbəxinə aid xörəklər – dolma, bozbaş, bozartma, çığırtma, xəşil, kabab, piti, plov, qovurma – Qafqazın bir çox xalqlarının milli menyusuna daxil edilib.

Azərbaycanda şirniyyat süfrələrinin də özünəməxsus xüsusiyyətləri var. Milli şirniyyatlarla zəngin Azərbaycan mətbəxində şəkərbura, paxlava, şəkərçörəyi, qurabiyə, Qarabağ kətəsi, Quba tıxması, Lənkəran külçəsi, Şəki halvası, Naxçıvan paxlavası və digər şirniyyatlar özünəməxsus koloriti ilə seçilir.

Azərbaycanın istənilən guşəsində sizi böyük həvəslə qonaqlıq süfrəsinə dəvət edərək “Nuş olsun!” deyəcəklər. Bu səmimi arzuları siz bütün qonaqpərvər adamlardan daim eşidəcəksiniz.